Haqqımızda

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İstirahət və Əyləncə Komplekslərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” keçiriləcək. Yarışlarda 26 idman növündə mindən çox yeniyetmə idmançı qüvvəsini sınayacaq.

Builki yarışlarda idmançılar ağır atletika, atçılıq, basketbol, boks, cüdo, futbol, gimnastika, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu, badminton, yüngül atletika, pauerliftinq növlərində medal mübarizəsin qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Yarışların təşkilinə “Zirvə” İnternational Sport Clubs MMC rəhbərlik edir. Yarışların keçirilməsi idman növləri üzrə fəaliyyət göstərən hakimlər heyətinə həvalə olunur. Yarışlarda hər yaş qrupunda və çəkidə I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal və diplomları ilə mükafatlandırılacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klubları Azərbaycan idmanında lider klublar sırasındadır. Yarım əsrlik tariix olan və ilk maddi dəstəyini 2001-ci ildə ümummili lider, mərhum prezident, ölkəmizdə idmana böyük diqqət və qayğı siyasətinin banisi Heydər Əliyevdən alan klub peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malikdir, idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır. Mərkəzi bazası müasir və təkrarolunmaz AAAF Park Yaşayış Kompleksidir. Burada cüdo və gimnastika zalı, futbol və tennis meydançaları, üzgüçülük zalları, şahmat otağı, fitness mərkəzi, dünya standartlarına uyğun ağır atletika məşq zalı, həmçinin ağır atletika üçün universal yarış zalı vardır.

Klub qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olub. Təkcə 2018-ci ildə klubunun idmançıları beynəlxalq səviyyəli yarışlarda 33, daxili yarışlarda isə 108 medal qazanmağı bacarıblar. 2014-cü ilin martından etibarən planetar səviyyədə çıxışa başlayan “Zirvə” Beynəlxalq İdman Klubları Azərbaycanla yanaşı 11 ölkədə - İran, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Ukrayna, İsrail, ABŞ, Moldova, Bolqarıstan və Polşada fəaliyyət göstərərək təkcə yetirmələri ilə deyil, həm də struktur olaraq beynəlxalq arenaya qədəm basıb.

12 ölkədə fəaliyyətdə olan yüzə yaxın klubun sinerjisi olan “Zirvə” Beynəlxalq İdman Klublarının təsisçisi sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısı, iş adamı Tofiq Heydərovdur.

Tofiq Mirhəsən oğlu Heydərov idmançı karyerası ərzində 16 yaşında SSRİ idman ustası normasını yerinə yetirib, SSRİ-nin yığma komandası tərkibində 1990-cı ildə Macaristanda keçirilən “Dostluq” kubokunun qalibi olub. Dəfələrlə Azərbaycan çempionu və rekordçusu olaraq SSRİ birincilikləri və beynəlxalq yarışların mükafatçısı adını qazanıb. Atlanta Yay Olimpiya Oyunları, həmçinin Avropa və dünya çempionatlarında ölkəmizi layiqincə təmsil edən ilk atletlərimizdən olub. Heydərov məşqçilik fəaliyyəti zamanı da böyük uğurlar əldə edib. Tələbələri dəfələrlə Avropa və Dünya çempionatlarının mükafatçısı, üç dəfə Olimpiya oyunlarının iştirakçısı olmağı bacararaq adını tarixə yaza bilmişdir. 2011-ci ildən beynəlxalq dərəcəli hakimdir.

Klub rəhbəri kimi fəaliyyətində Tofiq Heydərov “Zirvə” İdman klubunu dünyanın ağır atletika üzrə ən güclü klublarından birinə çevirməyi bacarıb. Klub fəaliyyətə başladığı vaxtdan bu günədək Azərbaycan idmanına uğurlu töhfəsi ilə fərqlənib. Azərbaycan idmanının lider klublarından biri, ağır atletikanın isə uğur lokomotivi olan klubun mərkəzi bazası Xırdalan şəhərində, AAAF Park Yaşayış Kompleksində yerləşir. “Zirvə”nin Azərbaycanın bölgələrində klubları fəaliyyət göstərir və burada idmançılar üçün hər bir şərait yaradılıb.

AAAF və Zirvə BİK-in mərkəzi təlim-məşq bazası olan AAAF Park Yaşayış Kompleksi dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz, sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı bir məkandır. Məhz ağır atletikanın inkişafı üçün yaradılan Kompleksdə bu idman növü ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. AAAF Parkdakı təlim-məşq bazasında iki məşq və yarış zalı, fitness və Spa mərkəzi, ən müasir standartlara uyğun multifunksional üzgüçülük kompleksi, kotteclər və mehmanxanalar yerləşir. İstənilən beynəlxalq yarışlara hazırlıq üçün ideal məkanın xidmətlərindən Azərbaycanın bütün yaş qrupları üzrə ağır atletika yığma komandaları ilə yanaşı,  bir çox digər yığma komandalar – Səudiyyə Ərəbistanı, Misir, Əlcəzair, Mərakeş, İraq və başqaları da mütəmadi istifadə ediblər. Burada müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları keçmək üçün ən yüksək şəraitli məkanlar, bədii gimnastika, cüdo zalları, futbol və tennis meydançaları, həmçinin böyük yarış zalı fəaliyyət göstərir. Bununla yanaşı, AAAF Parkda lisey və tibb mərkəzi, əyləncə mərkəzləri, müxtəlif restoran və kafelər, buz meydançası, 7D Cinema, Kartinq, brend mağazalar vardır.

Buradakı “Zirvə” Liseyindəki müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortunun fəaliyyət göstərir, bütün bunlar gənc ağır atletlərin yüksək səviyyəli təhsil alması üçün edilir. AAAF Parkda 50-yə yaxın perspektivli idmançının həm oxumaq, həm də məşq etmək üçün maksimum imkan yaradılıb, onlara ən yüksək ixtisaslı müəllim və məşqçilər dərs keçir.

AAAF Park Astara inşa edilən ağır atletika üzrə yeni təlim-məşq bazası olduqca möhtəşəm kompleksdir. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin müasir avadanlıqlarla təchiz edilmiş geniş AAAF fitnes zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib. Bundan başqa, burada Holdinqin əsas idman klubu olan “Zirvə” Beynəlxalq İdman Klublarına məxsus iki hektar ərazidə atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb. Müxtəlif vaxtlarda Azərbaycanın ağır atletika üzrə bütün yaş qrupları burada təlim-məşq toplanışı keçirib. AAAF Park Astara layihəsinin təməlqoyma və açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib.

YUXARI
Translate »